Prostat Xərçəngi Nədir? Prostat Vəzi Xərçənginin Əlamətləri və Müalicəsi

prostat xercengi

Prostat xərçəngi kişilərdə ən çox rast gəlinən xərçəng növlərindən biridir. Amerika Xərçəng Cəmiyyətinin məlumatlarına görə, kişilər üçün ömür boyu prostat vəzi xərçəngi ilə qarşılaşma riskinin 16.7%, həyat itkisi riskinin isə 2.5% olduğu bildirilmişdir. Hər 5-6 kişidən birinin ömür boyu prostat xərçənginə tutulma riski vardır. Dünyada hər 3 dəqiqədən bir insana prostat xərçəngi diaqnozu qoyulduğu halda, prostat vəzi xərçəngindən ölümlər hər 14 dəqiqədən bir baş verir.

Prostat vəzi xərçəngi kişi reproduktiv sisteminin bir hissəsi olan prostat vəzi hüceyrələrinin anormal və nəzarətsiz çoxalması nəticəsində yaranan bədxassəli şiş formasiyaları kimi müəyyən edilir. Prostat vəzi qoz böyüklüyündə bir orqandır, qarnın aşağı hissəsində sidik kisəsinin bir qədər altında yerləşir və sidik kanalı adlanan sidik yollarını əhatə edir. Kişi orqanizmində reproduktiv sistemin funksiyalarının tənzimlənməsində rol oynayan testosteron hormonunun ifraz olunması, sperma hüceyrələrinin canlılığını və hərəkətliliyini qoruyan sperma istehsalı prostat vəzinin yerinə yetirdiyi mühüm funksiyalardandır.

Prostat Vəzi Xərçənginin Əlamətləri Nələrdir?

Prostat vəzi xərçənginin simptomları adətən xəstəliyin sonrakı mərhələlərində özünü göstərməyə başlayır və bir çox simptomlarla özünü göstərə bilir. Xəstəliyin əlamətləri xarakterik olmaması ilə yanaşı, digər prostat xəstəliklərində də müşahidə oluna bilər. Ümumiləşdirməli olsaq isə prostat vəzi xərçənginin əlamətlərini aşağıdakı kimi sıralamaq olar:

  • İdrar etmədə çətinlik
  • Tez-tez sidik ifrazı
  • Sidikdə və ya spermada qan olması
  • Ereksiya problemləri
  • Qəfildən çəki itkisi və s.

Bu əlamətlərlə yanaşı prostat xərçənginin sümüyə yayılması sürətlə baş verdiyindən dolayı, bel, omba və ya ayaqlarda şiddətli ağrılara səbəb ola bilər. Lakin nəzərinizə çatdırmaq istərdik ki, bu simptomlar prostatın xoşxassəli böyüməsi, prostatın iltihabı (prostatit) kimi digər hallarda da baş verə bilər və prostat xərçənginin aşkar əlamətləri deyil. Bu əlamət və simptomları olan hər on nəfərdən yalnız birində prostat xərçəngi var.

prostat

Prostat Vəzi Xərçənginin Müalicəsi Necə Olmalıdır?

Prostat xərçənginin müalicə variantları xərçəngin böyümə sürətinə, yayılmasına və xəstənin ümumi sağlamlığına görə dəyişir. Bu, müalicənin potensial faydaları və yan təsirləri kimi digər amillərdən də asılıdır. Müalicə seçimlərinə cərrahiyyə, kimyaterapiya, radioterapiya, hormonal terapiya və ya bunların müxtəlif kombinasiyaları da daxildir. Xəstəlik erkən mərhələdə aşkar edilərsə, heç bir müalicə olmadan bir müddət izləmə tövsiyə oluna bilər. Lakin xəstəliyin ən ümumi və effektiv müalicə üsulu cərrahiyyədir və adətən prostat toxumasının tam çıxarılmasını (prostatektomiya) əhatə edir.

Bu cərrahi əməliyyat açıq və ya qapalı cərrahiyyə olaraq həyata keçirilə bilər. Açıq cərrahi əməliyyatlarda əməliyyatçı həkim tərəfindən qarnın aşağı hissəsində böyük bir kəsik edilərək prostat vəzinə çatmaq məqsəd qoyulur. Qapalı prostat əməliyyatı isə laparoskopik üsulla həyata keçirilir. Bu prosedurda kameralar və kiçik kəsiklərdən bədənə daxil edilən cərrahi alətlər vasitəsilə prostat vəzi hissə-hissə çıxarılır. Laparoskopik müdaxilələr açıq cərrahi əməliyyatlardan (müdaxilə dərəcəsi) daha az invazivdir və bu əməliyyatlarda kəsiklər daha kiçikdir.