Bağırsaq Xərçəngi Nədir? Bağırsaq Xərçənginin Əlamətləri və Müalicəsi

bagirsaq xercenginin elametleri

Həzm sisteminin anus ilə birləşən son nöqtəsi olan yoğun bağırsaq, orta uzunluğu 1.5-2 metr olan orqandır. Yoğun bağırsaq kolon və düz bağırsaqdan ibarətdir. “Bəs düz bağırsaq harada yerləşir?” sualına cavab versək, bu, son 12 santimetr nəcisin anusdan əvvəl saxlandığı yoğun bağırsağın hissəsidir. Kolon rektumdan başqa yoğun bağırsağın digər hissəsidir. İncə bağırsaqdan ən çox həzm olunan qidalar kolon nahiyəsində yenidən parçalanır, su və minerallar alındıqdan sonra qalan hissəsi anus vasitəsilə xaric edilmək üçün düz bağırsaqda saxlanılır.

Yoğun bağırsağın kolon hissəsində meydana gələn xərçəngə kolon xərçəngi deyilir. Kolon xərçəngi erkən mərhələdə diaqnoz qoyularsa, tamamilə müalicə edilə bilər. Ancaq erkən aşkarlanmadığı hallarda bu xərçəng növü, yaxınlıqdakı limfa düyünlərinə, mədə və dalaq kimi bitişik orqanlara və qan vasitəsilə bədənin digər hissələrinə yayılır. Dalaq isə qarın boşluğunun yuxarı sol kvadratında, diafraqmanın bir az altında və mədənin yanında yerləşir.

Bağırsaq Xərçənginin Səbəbləri və Risk Faktorları Hansılardır?

Yaş faktoru: Xəstəliyin təyin olunduğu yaş kişi və qadınlarda 50-60-dır. Bu yaşda olan insanlar risk altındadır.

Genetik faktorlar: Əgər ailə üzvlərində kolon xərçəngi müşahidə olunubsa, genetik meyl səbəbindən kolon xərçəngi inkişaf riski artır. Ailəsində kolon xərçəngi olanların bu yaşa çatmazdan 10 il əvvəl, bu xəstəliyə neçə yaşında diaqnoz qoyulduğunu öyrənmək və mütəmadi olaraq kolonoskopiya etdirmələri vacibdir. Ailədə kolon xərçəngi anamnezi aşkar edilmirsə, 50 yaşından etibarən kolonoskopiya aparılmalıdır.

Poliplər: Polip nədir? Yoğun bağırsağın içini əhatə edən və bağırsaq kanalına çıxan təbəqənin anormal böyüməsidir. Xoşxassəli şişlər olan poliplər zamanla xərçəngə çevrilə bilər. Bu səbəblə polipləri çıxarmaq və daha sonra mütəmadi olaraq müayinələrdən keçmək lazımdır.

Genetik pozuntular: HNPCC genindəki dəyişikliklər kolon xərçənginin inkişaf riskini artırır.

İltihabi bağırsaq xəstəlikləri: Kron və xoralı kolit kimi bağırsaq iltihabı şəklində olan xəstəliklər kolon xərçənginin inkişaf riskini artıran səbəblərdən biridir.

Qeyri-sağlam həyat tərzi: Lif az olan qidalardan istifadə edənlər, siqaret və spirt kimi zərərli vərdişləri olanlar, şəkərli diabet, piylənmə və oturaq həyat tərzi keçirən insanlarda kolon xərçəngi riski daha yüksəkdir.

Bağırsaq Xərçənginin Əlamətləri Hansılardır?

Bağırsaq xərçənginin simptomları tez-tez defekasiya vərdişlərindəki dəyişikliklər ilə özünü göstərir. Həmin dəyişiklikləri və ya bağırsaq xərçənginin əlamətlərini ümumi olaraq aşağıdakı kimi sıralamaq olar:

  • İshal və ya keçməyən qəbizlik
  • Bağırsaqların kifayət qədər boşalmaması hissi
  • Defekasiya çətinliyi
  • Ağrılı defekasiya
  • Nəcisin seyrəlməsi
  • Nəcisdən və anusdan qan gəlməsi
  • Nəcisdə yumurtaya bənzər ifrazat
  • Səbəbsiz çəki itkisi
  • Qusma və s. hallar yoğun bağırsaq xərçənginin əlamətlərindəndir.

Xərçəng daha da irəlilədikdə qarında şişlik, ağrı kimi şikayətlər müşahidə edilir. Ağrı və defekasiyada çətinlik, dəmir çatışmazlığına bağlı anemiya, arıqlama və qarında kütlə əmələ gəlməsi də kolon xərçəngi ilə əlaqəli əlamətlər arasındadır. Bu simptomlar xəstələrin müxtəlif xüsusiyyətlərinə görə də dəyişə bilər. Əgər sizdə də bu əlamətlər varsa, səhiyyə müəssisələrinə müraciət edərək mütəxəssis həkimlərdən kömək istəməyiniz tövsiyə olunur.

Bağırsaq Xərçənginin Müalicəsi Necə Olmalıdır?

Kolon xərçənginin müalicəsi üçün xərçəngə çevrilmə ehtimalı olan poliplər kolonoskopiya ilə çıxarılır. Xərçəng inkişaf etmiş bir mərhələyə çatarsa, cərrahiyyə məcburi olur və şiş olan hissə çıxarılır. Xəstəliyin yaxın ərazilərə yayıldığı hallarda kimyaterapiya da tətbiq olunur. Xərçəng metastaz edibsə, müalicə davam etdirilir və xəstənin ömrünün uzadılmasına çalışılır. Kolon xərçəngindən qorunmaq üçün bol-bol lifli qidalardan istifadə etmək, kalsium və D vitamini qəbul etmək, artıq çəkidən xilas olmaq və idman etmək vacibdir. Bundan əlavə, mümkün xəstəlik riskinin erkən aşkarlanması və uğurlu müalicə üçün 50 yaşından başlayaraq müntəzəm skrininq testləri lazımdır.