Onurğa bədənimizin dik durmasını və hərəkətliliyimizi təmin edir. Onurğalar arasında disklər adlanan dəstəkləyici toxumalar mövcuddur. Boynumuzda 7 fəqərə və onların arasında isə 5 disk vardır. Həmin disklər su tərkibli maddə ilə doludur. Disklərin funksiyası fəqərələri bir-birinə bağlamaqla yanaşı, fəqərələrə yüklənmənin qarşısını alır. Bununla bərabər hərəkət rahatlığını təmin edərək, boynun əyilməsini və döndürülməsini təmin edir.
Yaşlanma ilə bərabər disk su tərkibini itirməyə başlaya bilir və diskin funksiyalarında pozulmalara və dəyişikliklərə səbəb ola bilər. Fəqərə nahiyəsindəki baş verən dəyişikliklər birbaşa sinirlərə və ya kanala təzyiq edərək müxtəlif simptomlara səbəb ola bilər. Həmin simptomların nəticəsində isə zədələnmə və yırtılmalar (boyun yırtığı, “qrija”) meydana gələ bilir.
Boyun Yırtığının Əlamətləri Nədir?
Boyun yırtığı onurğa beyninə və sinir köklərinə təsir edən bir xəstəlikdir. Xəstəliyin simptomları yırtığın yerindən, xəstəliyin müddətindən və şiddətindən asılı olaraq dəyişir. Lakin, xəstələrdə ən çox müşahidə edilən əlamətlər aşağıdakılardır:
- Qola yayılan birtərəfli ağrı;
- Barmaqların ucuna yayılan və uyuşma ilə müşayiət olunan ağrı;
- Ağrı ilə yayılan qolda güc itkisi;
- Gəzməkdə çətinlik və balanssızlıq;
- Qol və ya əllərdə uyuşma və keylik hissi və s.
Əlamətlər ilə xəstəlik özünü biruzə verə bilir. Əgər sizdə də yuxarıdakı əlamətlər varsa və ağrı və ya uyuşma tez-tez baş verirsə, ən qısa zamanda həkimə müraciət etməyinizdə və neyrocərrahla məsləhətləşməyinizdə fayda vardır.
Boyun Yırtığı Niyə Yaranır?
Xəstəliyin əmələ gəlməsi bir çox səbəblərdən qaynaqlansa da, boyun beldən daha zərif bir quruluşa malik olduğundan dolayı, boyundakı deformasiyalar daha erkən yaşlarda başlaya bilər. Hər zaman eyni nöqtəyə baxmaq, boynu uzun müddət eyni yerdə saxlamaq, kompyuter və ya televizor qarşısında uzun müddət hərəkətsiz qalmaq və idman etməmək boyun yırtığının yaranmasının əsas səbəblərindəndir.
Siqaret çəkmək də boyun yırtığı riskini artıran səbəblər arasındadır. Xüsusilə, gənc yaşda siqaretə başlayanlarda boyun quruluşu çox qısa müddətdə pozulur. Siqaret çəkmək 20 il kimi uzun bir müddətdə ağciyər xərçənginə səbəb olarkən, siqaret çəkənlərdə ilk 5 ildə boyun yırtığı hallarına rast gəlinir. Boyun yırtığında genetik faktorlar da təsirlidir. Ailədə boyun yırtığı halları varsa, yırtıq olma riski artır. Həmçinin, uyğun olmayan iş və yuxu vəziyyətləri də boyun yırtığının əmələ gəlməsinə zəmin yaradır. Xəstəliyin əmələ gəlmə səbəblərini ümumiləşdirsək, aşağıdakı kimi sıralamaq olar:
- Masa arxasında uzun müddətli oturma;
- Uzun müddətli kompyuter istifadəsi;
- Yanlış duruş, psixoloji stress və yorğunluq;
- Boyun əzələlərində zəiflik;
- Yol qəzası və travma halları,
- Sürücülük və bankçılıq kimi peşələrdə çalışmaq;
- Ev işləri, tikiş, pərdə asmaq və s. kimi fəaliyyətlər boyun ağrılarına səbəb olur.
Buna görə də, qadınlarda boyun ağrılarına və boyun yırtığına daha çox rast gəlinir.
Boyun Yırtığının Müalicəsi Necə Olmalıdır?
Xəstəliyin ilkin mərhələsində və əgər xəstəlik yüngül keçirsə, istirahət, stressiz həyat, ağrıkəsicilər və fiziki müalicə təyin olunmalıdır. Ancaq boyun və qol ağrıları dərmanlara və fiziki müalicələrə baxmayaraq keçmirsə, xəstələrin qollarında uyuşma və zəiflik varsa, xəstənin cərrahi müalicəyə ehtiyacı ola bilər. Həmçinin, xəstəliyin müalicəsində boyunluqdan (korset) və fizioterapiyadan da istifadə olunur.
Müalicənin başlanğıcında boyunluq istifadəsi mühüm əhəmiyyət kəsb edir. Çünki korsetin istifadəsində məqsəd başın boyun fəqərələrinə olan ağırlığını azaltmaq və boynu hərəkətsiz tutaraq istirahət etməsini və tezliklə sağalmasını təmin etməkdir. Ancaq bu istifadə çox uzun müddətli olmamalıdır. Əks halda, əzələlərdə hərəkətsizliklə bağlı ərimələr başlar və aktiv həyata dönən insanlarda narahatçılıqlar yarada bilər.
Korset istifadəsinə və dərman müalicələrinə baxmayaraq, xəstənin şikayətləri davam edirsə fizioterapiyaya başlanmasında faydalı ola bilər. Fizioterapiya boyun yırtıqlarının müalicəsində istifadə olunan ən təsirli və zərər verməyən bir müalicə üsuludur. İxtisaslaşmış mütəxəssislər tərəfindən icra olunduqda, fizioterapiyanın hər hansı bir əlavə təsirləri olmur.